Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Sumqayıt Şəhər İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə təlimlər keçirilmişdir

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin sınaq tətbiqi ilə bağlı növbəti pilot layihə 2011-ci il 21 dekabr tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları üçün keçirilmişdir.

Təşkil olunan pilot layihənin məqsədi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübənin əldə edilməsi və pilot layihə nəticəsində əldə edilmiş təcrübəyə uyğun olaraq qiymətləndirilmə sisteminin təkmilləşdirilməsi və bütün dövlət orqanları üçün tətbiqinə nail olmaqdır. Pilot layihə ilə bağlı təlimlər Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov tərəfindən keçirilmişdir. Təlimlərdə qiymətləndirmə sisteminin iştirakçıları olan struktur bölmə rəhbərləri (şöbə müdirləri), bilavasitə rəhbərlər (sektor müdirləri), dövlət qulluqçuları və kadr qurumunun işçiləri iştirak etmişdir. Xidməti fəaliyyətin qiymətləndirilməsi zamanı dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusu fərdi mükafatlandırıla, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilə, yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görülə bilər. Dövlət qulluqçunun müvafiq təlimlərə və əlavə təhsilə cəlb edilməsi onların iş fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutur. Eyni zamanda dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi barəsində də tədbirlər görülə bilər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag