Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiya Bakı şəhər yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-ci-2011-ci illər) 19-cu bəndində dövlət qulluqçuları üçün etik davranış qaydaları üzrə tədris və təlimlərin, 22-ci bəndində isə korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı tədbirlər görür. Yuxarıda qeyd edilənlərə uyğun olaraq 2011-ci il 26 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birlikdə “Ambassador” otelinin Konfrans zalında Bakı şəhər yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası və dövlət qulluqçularının vəzifə təlimatları ilə bağlı təlim keçirmişdir.
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, mövzularında təqdimatla çıxış etmişlər. 
Təqdimatlar zamanı Komissiyanın əməkdaşları çağdaş və demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizədə rolundan, onun vətəndaşların hüquq və azadlıqlarını qorunması yönündə atdığı addımlardan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan və demokratik idarəçilik metodlarını mənimsəməkdən bəhs etmişlər.
Qeyd edək ki, təlimlər davamlı xarakter daşıyır. İlk təlim 2008-ci ilin noyabr ayında Gəncə və Tovuzda keçirilmişdir. 2008-2010-cu illər ərzində Komissiya Şəki, Yevlax, Şamaxı, Masallı, Salyan, Quba və Bakıda, 2011-cu ilin 28 aprel – 6 may tarixlərdə Gəncə, Mingəçevir və Şəkidə, 16 -20 may tarixlərdə Ağcabədi və İsmayıllıda, 31 may – 2 iyun tarixlərdə Qubada, 16-22 iyun tarixlərdə isə Salyan və Lənkəranda silsilə təlimlər keçirmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag