Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiya Gəncə, Mingəçevir və Şəkidə regional təlimlər keçirmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-ci-2011-ci illər) tələblərinə uyğun olaraq 2011-ci il 27 aprel - 7 may tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təlimlər təşkil etmişdir. Gəncədə təlimlər 28-30 aprel, Mingəçevirdə 2-5 may, Şəkidə isə 5-6 may tarixlərdə keçirilmişdir. Gəncə, Mingəçevir və Şəki şəhərlərində təşkil edilən təlimlərə Gəncə, Naftalan, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Xocalı, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar, Zərdab, Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 254 rəhbər vəzifəli dövlət qulluqçusu cəlb edilmişdir. 
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarət olmuşdur.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “İş bölgüsünün aparılması qaydaları”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, “Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatla çıxış etmişlər. 
Təqdimatlar zamanı Komissiyanın əməkdaşları çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizədə rolundan, onun vətəndaşların hüquq və azadlıqlarını qorunması yönündə atdığı addımlardan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan və demokratik idarəçilik metodlarını mənimsəməkdən bəhs etmişlər.
Növbəti təlim kursu 16-17 may tarixdə Ağcabədidə, 19-20 may tarixdə isə İsmayıllıda keçiriləcəkdir. Bu təlimlərə yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrində çalışan dövlət qulluqçuları ilə yanaşı məhkəmə hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının da cəlb edilməsi nəzərdə tutulur. 
Qeyd edək ki, təlimlər davamlı xarakter daşıyır və Azərbaycanın bütün regionlarını əhatə edəcək. İlk təlim 2008-ci ilin noyabr ayında Gəncə və Tovuzda keçirilmişdir. 2008-2010-cu illər ərzində Komissiya Şəki, Yevlax, Şamaxı, Masallı, Salyan, Quba və Bakıda silsilə təlimlər keçirmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag