Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluqçuları üçün təlim kursu keçirilir

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 avqust 614 nömrəli Fərmanı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.2-ci maddəsində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarəti hayata keçirən “müvafiq dövlət orqanı” kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müəyyən edilmişdir.

Qanunvericilikdən irəli gələn tələblərə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərə uyğun olaraq Komissiya dövlət qulluqçularının etik davranış qaydaları və insan resurslarının idarə olunması sahəsində silsilə təlim kursları təşkil edir.


2011-ci il 6, 7 və 8 aprel tarixlərdə “HYATT Hotel – Naxçıvan” otelinin “Şuşa” zalında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə dövlət orqanlarının aparat rəhbərləri və kadr qurumlarının rəhbərləri və əməkdaşları üçün Dövlət qulluğunda kadr ehtiyatlarının idarə olunması mövzusunda təşkil etdiyi təlim kursu da bu mövzuda olan təlim kurslarının davamıdır. 
Təlim kursunda Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Dövlət qulluğu üzrə qanunvericiliyə edilən əlavə və dəyişikliklər” mövzusunda, Litva İdarəçilik Məktəbinin eksperti Rimantas Klepaçius isə”Dövlət qulluqçularının etik davranış qaydaları”, “Təşkilatın insan resursları üzrə strategiyası” və “Komanda qurmaq bacarığı” mövzularında təqdimatlarla çıxış edəcəklər.
Təlimin əsas məqsədi dövlət orqanlarında çalışan məsul vəzifəli şəxslərin öz fəaliyyətlərində dövlət qulluqçularının etik davranış qaydalarının aktual mövzuları (dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyaya qarşı mübarizənin əsas şərti kimi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumat əldə etməsi, ictimai diskussiyaya şəraitin yaradılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi) və insan resurslarının idarə olunması üzrə xarici ölkələrin təcrübəsi ilə tanış etməkdən ibarətdir.
Qeyd edilən Fəaliyyət Plan çərçivəsində 2010-cu il ərzində Komissiyanın təçkilatçılığı ilə dövlət orqanlarının əməkdaşları üçün bir neçə təlim kursu keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag