Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

No 80 /30.04.2008 Dövlət orqanlarında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması QAYDALARI

 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2008-ci il “30” aprel tarixli
80 nömrəli əmri ilə təsdiq edilmişdir

 

Dövlət orqanlarında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması 
QAYDALARI


I. Ümumi müddəalar 
1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları"nın 14-cüi bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.8-ci bəndinə əsasən hazırlanmış və dövlət orqanlarında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması məqsədilə müsabiqədən müvəffəqiyyətlə keçərək vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanına təqdim edilmiş, lakin vəzifəyə təyin edilməmiş namizədlərin ehtiyat kadrlar siyahısına (bundan sonra – siyahı) daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması qaydalarını tənzimləyir.
2. Ehtiyat kadrların formalaşdırılmasının məqsədi müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıya daxil edilmiş namizədlərin (bundan sonra – ehtiyat kadrlar) müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.
3. Ehtiyat kadrların formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra – Komissiya) dövlət qulluğunun kadr siyasətinin həyata keçirilməsi istiqamətində apardığı işin tərkib hissəsidir. 
4. Ehtiyat kadrların formalaşdırılması Komissiya sədrinin tapşırığı ilə Komissiyanın müvafiq struktur bölməsi tərəfindən həyata keçirilir.

 

II. Əsas prinsiplər

5. Ehtiyat kadrların formalaşdırılması qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir:
5.1 Qanunçuluq – ehtiyat kadrların formalaşdırılması zamanı dövlət qulluğu sahəsində qanunvericiliyin, habelə bu Qaydaların tələblərinə ciddi əməl edilməsini nəzərdə tutur;
5.2 Bərabərlik – bütün ehtiyat kadrların irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak və qulluq vəziyyətindən, dinə münasibətindən, əqidəsindən, siyasi partiyaya, ictimai və ya digər birliyə mənsubiyyətindən asılı olmayaraq ehtiyat kadrların formalaşdırılması ilə əlaqədar eyni hüquqlara malik olması və eyni vəzifələr daşımasını, həmçinin bütün ehtiyat kadrların eyni qaydada siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılmasını nəzərdə tutur;
5.3 Şəffaflıq və aşkarlıq – ehtiyat kadrların siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması barədə ictimaiyyətin məlumatlandırılması, siyahının və onda olan dəyişikliklərin Komissiyanın rəsmi internet saytında yerləşdirilməsini nəzərdə tutur.

III. Namizədin ehtiyat kadrlar siyahısına daxil edilməsi

6. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanına təqdim edildikdə, on iş günü müddətində dövlət orqanı tərəfindən vəzifəyə təyin edilmiş namizəd barədə müvafiq əmrin surəti və təyin edilməmiş namizədlərin şəxsi işləri Komissiyaya təqdim edilir.
7. Şəxsi işi qaytarılmış namizəd Komissiya sədrinin qərarı ilə siyahıya daxil edilir. Həmin siyahı Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir.
8. Ehtiyat kadr iki il müddətində siyahıda saxlanılır. Həmin müddət bu haqda qərarın qəbul edildiyi gündən başlayır.
9. Siyahıda ehtiyat kadr və onun peşə göstəriciləri haqqında zəruri hesab edilən məlumatlar göstərilir.
10. Siyahı yazılı sənədlər və paralel olaraq elektron daşıyıcılar üzərində aparılır. Bu siyahılar arasında fərqlər olduqda yazılı sənədlər üzərində aparılan siyahıya üstünlük verilir.
11. Siyahı Azərbaycan Respublikasının dövlət dilində aparılır.
12. Namizədin siyahıya daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.
13. Ehtiyat kadrın müraciəti əsasında ona siyahıya daxil edilməsi haqqında Komissiya tərəfindən müvafiq arayış verilir.

IV. Ehtiyat kadrlarla işin aparılması

14. Ehtiyat kadrlarla işin aparılması aşağıdakı tədbirlərin həyata keçirilməsindən ibarətdir:
14.1. şəxsi işlərin aparılması;
14.2. dövlət qulluğunun kadr ehtiyatlarının idarə edilməsi ilə bağlı müvafiq təlimlərin keçirilməsi;
14.3. ehtiyat kadrların razılığı nəzərə alınmaqla müxtəlif dövlət orqanlarının struktur bölmələrində Komissiya tərəfindən müəyyən edilmiş müddətlərdə haqqı ödənilməyən könüllü fəaliyyətin təşkil edilməsi və s.
15. Bu Qaydaların 14.1-ci bəndində nəzərdə tutulmuş şəxsi işlərin aparılması aşağıdakılardan ibarətdir:
15.1.1. şəxsi işləri mühafizə etmək, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görmək;
15.1.2. ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış etmək;
15.1.3. ehtiyat kadrın müraciəti əsasında onun şəxsi işində müvafiq dəyişikliklərin aparılması;
15.1.4. qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərdən.
V. Ehtiyat kadrın vəzifəyə təyin edilməsi üçün dövlət 
orqanına təqdim edilməsi

16. Ehtiyat kadr vakant vəzifəyə təyin edilmə üçün dövlət orqanına aşağıdakı əsaslarla təqdim edilir:
16.1. Komissiyanın təşəbbüsü ilə;
16.2. dövlət orqanının müvafiq müraciəti əsasında.
17. Bu Qaydaların 16.1-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, Komissiya ehtiyat kadrın peşəkar göstəricilərinin hər hansı dövlət orqanında yaranmış vakant vəzifənin tutulması şərtlərinə uyğun olması qənaətinə gələrsə, bir və ya bir neçə ehtiyat kadrın şəxsi işini və ya onlar haqqında qısa məlumatları dövlət orqanına təqdim edir.

18. Vakant vəzifəyə təyin edilmək üçün ehtiyat kadrların şəxsi işləri və ya onlar haqqında qısa məlumatlar dövlət orqanına təqdim edildikdə, dövlət orqanının rəhbəri on iş günü müddətində ehtiyat kadrlardan birinin vəzifəyə təyin edilməsi barədə qərar qəbul edir. Həmin müddətdə vəzifəyə təyin edilmiş ehtiyat kadr barədə müvafiq əmrin surəti və təyin edilməmiş ehtiyat kadrların şəxsi işləri və ya onlar haqqında qısa məlumatlar Komissiyaya təqdim edilir.

VI. Ehtiyat kadrın siyahıdan çıxarılması

19. Ehtiyat kadrın siyahıdan çıxarılması aşağıdakı hallarda həyata keçirilir: 
19.1. siyahıda saxlanılma müddəti bitdikdə;
19.2. bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;
19.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;
19.4  öz arzusu ilə yazılı müraciəti olduqda;
19.5. vəfat etdikdə;
19.6. məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.
20. Bu Qaydaların 19.5 və 19.6-cı bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla siyahıdan çıxarılmış şəxsə Komissiya tərəfindən yazılı məlumat verilir.

VII. Yekun müddəa

21. Ehtiyat kadrların formalaşdırılmasını həyata keçirən Komissiyanın müvafiq struktur bölməsi mütəmadi olaraq namizədlərin siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və bu haqda ümumiləşdirilmiş məlumatların Komissiya tərəfindən dərc edilməsi nəzərdə tutulan dövlət qulluğu sahəsində vəziyyət barədə illik hesabatlara daxil edilməsini təmin edir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag