Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

No 111 /17.10.2007 Müsahibədə şəffaflığın artırılmasına dair tələblər və Söhbət qrupunun üzvünün davranışına dair tələblər

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
sədrinin 2007-ci il “17” oktyabr tarixli 111
nömrəli əmri ilə təsdiq edilmişdir.

Müsahibədə şəffaflığın artırılmasına
dair tələblər

  1. Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə əlaqədar keçirilən müsahibələr üzrə obyektivlik və şəffaflığın artırılmasını təmin etmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir.

Müsahibədə aşağıda göstərilən sahələr üzrə nümayəndələr müşahidəçi qismində iştirak edə bilər:

  • vakant dövlət qulluğu vəzifələrini təqdim etməyən digər dövlət orqanlarının nümayəndələri;
  • vakant dövlət qulluğu vəzifələrini təqdim edən dövlət orqanının müsahibə qrupunda iştirak etməyən nümayəndələri;
  • ictimai təşkilatların nümayəndələri;
  • beynəlxalq təşkilatların nümayəndələri;
  • KİV-nin nümayəndələri.
  1. Müşahidəçi qismində iştirak etmək üçün Komissiyaya müraciət etmiş nümayəndələr müvafiq şəxsi vərəqəni doldururlar.
  2. Müşahidəçilərin müsahibədə iştirakı namizədin razılığı əsasında həyata keçirilir.
  3. Müsahibələr keçirilməzdən əvvəl Komissiya tərəfindən KİV-də müşahidəçi kimi iştirak etmək istəyən qurumlar üçün elan verilir. Elanda göstərilən müddət ərzində müsahibələrdə iştirak etmək istəyən qurumlar nümayəndələri haqqında Komissiyaya yazılı məlumatlar verirlər. Bu məlumatlar Komissiyaya daxil olduqdan sonra təqdim olunmuş nümayəndələr müşahidəçi kimi qeydə alınırlar.
  4. Müşahidəçi qismində iştirak etmək üçün Komissiyaya müraciət etmiş nümayəndələrin qeydiyyatı aşağıda göstərilən mərhələlərdən ibarətdir:
  • müraciət etmiş nümayəndənin həmin müsabiqə üzrə namizədlər siyahısında yoxlanılması;
  • müşahidəçi üçün nəzərdə tutulmuş şəxsi vərəqənin doldurulması;
  • müraciət etmiş nümayəndəyə müşahidəçi kimi onun hüquq və vəzifələrin izah edilməsi, tərəfindən iltizamnamənin imzalanması;
  • müraciət etmiş nümayəndənin müşahidəçi kimi müvafiq kitabda qeydə alınması.
  1. Müsahibənin aparılmasında ən çoxu 2 müşahidəçi iştirak edir və müşahidəçi ilə bərabər tərcüməçi də iştirak edə bilər.
  2. Müşahidəçilərin hüquqları:
  • müsahibələrin keçirilmə tarixi və yeri haqqında vaxtında məlumatlandırılmaq;
  • müsahibə prosesini lazımi şəraitdə sərbəst izləmək;
  • müsahibənin nəticələri haqqında öz fikir və mülahizələrini sərbəst bildirmək.
  1. Müşahidəçilərin vəzifələri:
  • vaxtında müsahibənin keçirilmə yerində olmalı;
  • müsahibə prosesinə müdaxilə etməməli;
  • müsahibədə audio və video yazılar aparmamalı;
  • namizədlə şəxsi tanışlıq və ya qohumluq münasibətləri mövcud olduqda, yaxud  həmin müsabiqədə namizəd kimi qeydə alındıqda  müşahidəçilikdən imtina etməli;
  • müsahibənin yekun protokolu tərtib edilməmiş, nəticələrə dair münasibət bildirməməli.

Söhbət qrupunun üzvlərinin davranışına dair tələblər

Bu tələblərin əsas məqsədi dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsini aparan müsahibə qrupu üzvlərinin obyektivliyinin və müsahibə prosesinin şəffaflığının artırılmasının təmin edilməsidir.
Müsahibə keçirilən zaman aşağıda göstərilənlərə əməl edilməlidir:

  1. Müsahibə qrupunun üzvləri vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmalıdır;
  2. Müsahibə qrupunun üzvləri müsahibənin keçiriləcəyi yerə təyin edilmiş vaxtda gəlməlidir;
  3. Namizədlə yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda qrupun üzvü özünə etiraz verməlidir;
  4. Müsahibə zamanı mobil telefondan istifadə edilməməlidir;
  5. Namizədin şəxsiyyətinə hörmətlə yanaşılmalıdır, müsahibə qrupunun üzvləri müsahibə zamanı namizədlərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır;
  6. Müsahibə qrupunun üzvləri müsahibə zamanı namizədin fikirlərinə hörmətlə yanaşmalı və onun sözünü kəsməməlidir;
  7. Namizədə müəyyən edilmiş meyarları qiymətləndirmək məqsədi ilə suallar verilməli və suallara verilmiş cavablar diqqətlə dinlənilməlidir;
  8. Namizədlərin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün lazım olan məlumatların əldə edilməsi və vəzifənin tələbləri ilə əlaqədar suallar verilməlidir.
  9. Müsahibənin 70-80%-ini namizədin dinlənilməsi təşkil etməlidir;
  10. Müsahibənin gedişi zamanı namizədə dövlət qulluğuna uyğun olub-olmaması barədə fikir bildirilməməlidir;
  11. Müsahibə qrupunun üzvləri müsahibə keçirilən zaman və ya müvafiq qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı namizədin üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına habelə namizədin vəziyyətinin ağırlaşdırılmasına və ya belə vəziyyətin yaranması üçün şərait yaradılmasına yol verməməlidir;
  12. Müsahibə qrupunun üzvləri namizədlə müsahibə zamanı müsahibə otağını tərk etməməlidir;
  13. Müsahibə keçirilməsi üçün ayrılan vaxta riayət edilməlidir;
  14. Müsahibə qrupunun üzvləri öz vəzifə borclarını səmərəli yerinə yetirməlidir;
  15. Müsahibə qrupunun üzvləri özünün və ya maraqlı şəxslərin mənafelərinin xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır;
  16. Müsahibə qrupunun üzvləri tərəfindən müsahibənin nəticələri üzrə verilmiş qiymətlər bal cədvəlinin müvafiq hissəsində öz mülahizələri ilə tam əsaslandırılmalıdır;
  17. Müsahibənin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş bütün sənədləşmə işlərinin tələblərinə riayət olunmalıdır;

Müsahibə qrupunun üzvləri müsahibə qrupunun rəhbərinin müsahibənin keçirilməsinin tənzimlənməsi ilə bağlı tələblərinə riayət etməlidir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag