Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 247 / 03.06.2005 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2005-ci il
№ 247
«Azərbaycan» qəzetində dərc edilmişdir (7 iyun 2005-ci il, № 128). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2005-ci il, № 6, maddə 484).
23 noyabr 2007-ci il tarixli, 660 nömrəli; 7 may 2008-ci il tarixli, 749 nömrəli; 7 may 2008-ci il tarixli, 752 nömrəli; 11 noyabr 2008-ci il tarixli, 14 nömrəli; 24 iyun 2009-cu il tarixli, 107 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli; 15 fevral 2011-ci il 381 nömrəli Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə.

 

Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 3 iyun tarixli, 247 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiya haqqında
Ə S A S N A M Ə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiya (bundan sonra—Komissiya) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli fərmanı ilə yaradılmışdır.
2. Komissiya Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, attestasiyası və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqları həyata keçirərkən, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası, dövlət orqanları, ictimai, beynəlxalq və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
5. Komissiya bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.
6. Komissiya müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, blanklara və bank idarələrində müvafiq hesablara malikdir.
7. Komissiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
8. Komissiya Bakı şəhərində yerləşir.

II. Komissiyanın əsas vəzifələri

9. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:
9.1. dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;
9.2. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirmək;
9.3. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq;
9.4. dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq;
9.5. dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək;
9.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü və 28.1-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək;
9.6-1. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək;
9.6-2. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
9.6-3. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
9.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Komissiyanın funksiyaları

10. Komissiya bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
10.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair proqramların və digər sənədlərinin hazırlanmasını və həyata keçirilməsini təşkil edir;
10.2. dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edir;
10.3. dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrin keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir, həmçinin həmin müsabiqələrin düzgün və şəffaf keçirilməsinə nəzarəti həyata keçirir;
10.4. təlim tələbatlarını müəyyənləşdirir və dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlayır;
10.5. dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili məsələləri üzrə dövlət orqanlarının fəaliyyətini əlaqələndirir;
10.6. dövlət qulluğu sahəsində, o cümlədən dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir və müvafiq normativ hüquqi aktların layihəsini hazırlayır;
10.7. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını cəlb etməklə, dövlət qulluğu sahəsində olan problemlərə dair tədqiqatlar aparır;
10.8. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş müsahibənin keçirilməsi qaydasını müəyyən edir;
10.9. dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının ləğv edilməsinə dair təkliflər verir;
10.10. dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir və beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir;
10.11. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının işinə analitik və digər zəruri yardım göstərir;
10.12. dövlət qulluğu sahəsində vəziyyət barədə illik hesabatları və Komissiyanın fəaliyyətinin nəticələrinin ictimaiyyətə çatdırmağa yardım edən sənədləri dərc edir;
10.12—1. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;
10.12—2. dövlət qulluqçularından və digər şəxslərdən «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;
10.12—3. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;
10.12—4. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;
10.12—5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
10.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər funksiyaları həyata keçirir.

IV. Komissiyanın hüquqları

11. Komissiyanın öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
11.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
11.2. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları dövlət orqanlarından, təşkilatlardan, vəzifəli şəxslərdən sorğu etmək və almaq;
11.3. dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təkliflər vermək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görmək;
11.4. qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələr keçirmək;
11.5. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək;
11.6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;
11.7. qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
11.8. öz səlahiyyətləri daxilində dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul etmək;
11.9. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, dövlət orqanlarını, ictimai və beynəlxalq təşkilatları cəlb etməklə, dövlət qulluğu məsələlərinə dair konfranslar, müşavirələr və seminarlar keçirmək;
11.9—1. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib etmək;
11.9—2. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
11.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Komissiyanın fəaliyyətinin təşkili

12. Komissiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.
121. Komissiyanın aparatı və Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Komissiyanın vahid sistemini təşkil edir. Komissiya fəaliyyətini aparatı və Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası vasitəsi ilə həyata keçirir.
13. Komissiyanın sədri Komissiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13-1. Komissiyanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
14. Komissiya sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.
15. Komissiyanın sədri:
15.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. Komissiyanın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;
15.3. Azərbaycan Respublikasının digər dövlət orqanları ilə Komissiyanın qarşılıqlı fəaliyyətini təmin edir, həmin orqanlarda, həmçinin məhkəmələrdə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Komissiyanı təmsil edir;
15.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komissiyanın aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.4-1. Komissiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
15.5. Komissiya sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
15.6. Komissiyanın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görür;
15.7. Komissiyanın işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
15.8. öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlıqda iştirak edir, müvafiq beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasını təmsil edir;
15.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
16. Komissiyada Komissiyanın sədrindən (Kollegiyanın sədri), onun müavinindən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrindən, Komissiyanın digər rəhbər işçilərindən və dövlət qulluğu sahəsi üzrə mütəxəssislərdən ibarət Kollegiya yaradılır.
17. Kollegiyanın üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
18. Kollegiya öz iclaslarında Komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
19. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
20. Kollegiyanın qərarları onun üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir. Səslər bərabər bölündükdə, Kollegiya sədrinin səsi həlledici hesab edilir.
21. Zəruri hallarda, Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan dövlət və digər orqanların rəhbərləri, mütəxəssisləri dəvət edilə bilirlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag