Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 822 / 06.12.2002 (31.12.2002) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi haqqında

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanunun tələblərinə müvafiq olaraq dövlət qulluqçuları üçün təminatlara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 8.3-cü maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- öz səlahiyyətləri daxilində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, bir ay müddətində:

- «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə müvafiq olaraq özlərinə müşavir götürə bilən şəxslərin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 8.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Aparata həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki:

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2.4-cü və 12.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsinlər.

5. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə, Beynəlxalq Müqavilələrdən irəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinə, rayon (şəhər) məhkəmələrinə, hərbi məhkəmələrə və yerli İqtisad məhkəmələrinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinə təklif edilsin ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsinlər.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2002-ci il

№ 822

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag