Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 7 / 04.02.2004 «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında

"Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası"nın təsdiq edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrası ilə əlaqədar qəbul olunmuş "Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası" təsdiq edilsin əlavə olunur).
2. Bu qərar 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 4 fevral 2004-cü il
№ 7

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması

QAYDASI

1. Bu Qayda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə və "Pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanına uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına ömürlük müavinətin (bundan sonra - müavinət) təyin olunması və ödənilməsi məsələlərini tənzimləyir.
2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır.
3. Müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə aidiyyəti rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edə bilər. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxılır.
4. Müavinətin təyin edilməsi üçün şəxsin ərizəsi ilə birlikdə rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə aşağıdakı təsdiqedici sənədlər təqdim edilməlidir:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti;
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda);
dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.
5. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə bu Qaydaya əsasən hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.
6. Müavinət ömürlük təyin edilir və bu Qayda ilə onun dayandırılmasına səbəb olan hallar yaranan günədək ödənilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Müavinət alan şəxsin arzusu ilə müavinət onun Azərbaycan Respublikası bankında şəxsi hesabına köçürülə və müvafiq qaydada etibarnamə verilmiş şəxsə verilə bilər. Müavinəti almaq hüququna malik olan şəxsə müraciətdən əvvəlki 3 aydan çox olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir.
7. Müavinət alan şəxsin müavinəti aşağıdakı hallarda dayandırılır: yenidən dövlət qulluğuna qəbul edildikdə; vəfat etdikdə.
8. Müavinətin ödənilməsinin dayandırılmasına səbəb olan müvafiq hallar barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün müddətində müvafiq rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və ya ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti).
9. Müavinətin dayandırılması halları barədə müavinəti alan şəxs vaxtında məlumat vermədikdə və ya qəsdən düzgün olmayan sənədlər təqdim etdikdə, müavinəti ödəyən orqan tərəfindən artıq ödənilmiş müavinətin məbləği məhkəmə qaydasında geri alınır.
10. Müavinəti alan şəxsin vəfatı ilə əlaqədar alınmamış müavinətin məbləği mülki qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilir.
11. Müavinət müəyyən olunmuş qaydada digər müavinət növlərindən, pensiyadan (dövlət qulluqçularının pensiyasından başqa), ödənişlərdən asılı olmayaraq ödənilir.
12. Xarici dövlətdə olduqları müddətdə Azərbaycan Respublikasının vətəndaşlarının müavinəti onların arzuları ilə Azərbaycan Respublikasının bankında olan şəxsi hesabına və ya həmin şəxslərin öz vəsaitləri hesabına yaşadığı dövlətə köçürülə bilər.
13. Dövlət qulluqçusunun minimum vəzifə maaşının məbləği dəyişərsə, onun ömürlük müavinəti müavinətin hesablandığı anda müəyyənləşdirilmiş maaşın həcmindəki dəyişikliklərə uyğun olaraq yenidən hesablanır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag