Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 806- IIIQD / 28.04.2009 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 10, maddə 881; Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli, 755-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklikər və əlavələr edilsin:
1. 29.2-ci maddənin dördüncü hissəsində «29.4-29.8-ci» sözləri «29.4-cü, 29.6-29.8-ci» sözləri ilə əvəz edilsin.
2. 29.3-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
«İnzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.».
3. 29.4-cü maddədə:
3.1. «Müsahibə» sözü «Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə» sözləri ilə əvəz edilsin;
3.2. maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
«Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.».
4. 29.5-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
«Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur.».
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2009-cu il
№ 806-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (17 may 2009-cu il, № 105). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2009-cu il, № 5 (143), maddə 311).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag