Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 624-IIIQD/02.06.2008 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711; № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli, 546-IIIQD nömrəli, 1 aprel tarixli, 579-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 2.3-cü maddədə «girmək» sözü «qəbul edilmək» sözləri ilə əvəz edilsin, «milli təhlükəsizlik» sözlərindən sonra «müdafiə, fövqəladə hallar» sözləri, «tənzimlənir» sözündən sonra «və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür» sözləri əlavə edilsin.
2. 2.3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
«Bu orqanların (Azərbaycan Respublikasının Milli Bankı istisna olmaqla) aparatlarında calışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər — xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanun şamil edilir.».
3. 2.5-ci maddədə «qulluğu ilə bağlı məsələlər» sözləri «əmək münasibətləri» sözləri ilə əvəz edilsin.
4. 4.1.6-cı maddədə «girmənin» sözü «qəbulun» sözü ilə, 4.1.7-ci maddədə «müsabiqə əsasında girməsi» sözləri «müsabiqə və müsahibə əsasında qəbul edilməsi» sözləri ilə əvəz edilsin.
5. 4.1.9-cu maddədə «dinə münasibətindən,» sözləri çıxarılsın, «milliyyətindən» sözündən sonra «dinindən,» sözü əlavə edilsin.
6. 8.1.7-ci maddədə «tabeliyində olan regional orqanları,» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri,» sözləri əlavə edilsin.
7. 11.1.7-ci maddədə «regional orqanları rəhbərlərinin,» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri rəhbərlərinin,» sözləri əlavə edilsin.
8. 11.1.8-ci maddədə «regional orqanları rəhbərləri müavinlərinin vəzifələri,» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri rəhbərləri müavinlərinin vəzifələri,» sözləri əlavə edilsin.
9. 11.1.9-cu maddədə «regional orqanları mütəxəssislərinin vəzifələri,» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri mütəxəssislərinin vəzifələri,» sözləri əlavə edilsin.
10. 11.2.1-ci maddədən «və 2-ci» sözləri, 11.2.2-ci maddədən «və 3-cü» sözləri, 11.2.3-cü maddədən «və 4-cü» sözləri, 11.2.4-cü maddədən «və 5-ci» sözləri, 11.2.5-ci maddədən «və 6-cı» sözləri çıxarılsın.
11. 11.3-cü maddə çıxarılsın və həmin maddənin Qeyd hissəsi aşağıdakı redaksiyada verilsin:

«Qeyd:

11-ci maddədə «dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)» dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.».
12. 12.1-ci maddədə «vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü» sözləri «vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri» sözləri ilə əvəz edilsin.
13. 14.1-ci maddədə «dövlət qulluğu vəzifəsini tutan və» sözlərindən sonra «inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən» sözləri əlavə edilsin.
14. 15.2-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
«İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:».
15. 15.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
«And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.».
16. 16.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.».
17. 17-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi

17.1. İxtisas dərəcələri bu qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün həmin təsnifatlara daxil olan vəzifələrdə azı 7 il qulluq stajı, eyni zamanda müvafiq vəzifədə azı 3 il qulluq stajı olmalıdır. Üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun yalnız müvafiq vəzifədə azı 5 illik qulluq stajının olması, həmin dövlət qulluqçusunun 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi alması üçün əsasdır.
İnzibati vəzifələrin dördüncü-yeddinci təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.
Bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
Bu qanunun 17.3-cü maddəsinin birinci və ikinci hissələrində «müvafiq vəzifə» və «müvafiq vəzifədə» dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

  • dördüncü-altıncı təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;
  • yeddinci-doqquzuncu təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.
  • Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
  • birinci-üçüncü təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
  • dördüncü-altıncı təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır.».
18. 18.0.4-cü maddədə «işlədiyi» sözü «qulluq keçdiyi» sözləri ilə əvəz edilsin.
19. 18.0.7-ci maddədə «işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən» sözləri «dövlət qulluğuna xitam verildikdən» sözləri ilə əvəz edilsin.
20. 18.0.9-cu maddədə «etdiyi» sözü «keçdiyi» sözü ilə, 18.0.10-cu maddədə «işləməli» sözü «qulluq keçməli» sözləri ilə əvəz edilsin.
21. 19.0.2-ci maddədə «işə götürmək və işdən azad etmək» sözləri «vəzifəyə təyin və vəzifədən azad etmək» sözləri ilə əvəz edilsin.
22. 19.0.3-cü maddədə «dövlət maaşı» sözləri «dövlət məvacibi» sözləri ilə əvəz edilsin.
23. 19.0.5-ci və 19.0.11-ci maddələrdə «işlədiyi» sözü «qulluq keçdiyi» sözləri ilə əvəz edilsin.
24. 19.0.8-ci maddədə «təhqiqat» sözü «araşdırma» sözü ilə əvəz edilsin.
25. 20.1.1-ci maddədə «əlavə ödənişli» sözləri «əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı» sözləri ilə əvəz edilsin.
26. 20.1.2-ci, 20.1.5-ci maddələrdə «işlədiyi» sözü «qulluq keçdiyi» sözləri ilə əvəz edilsin.
27. 20.1.4-cü maddədə «istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan» sözləri «dövlət qulluğuna xitam verildikdən» sözləri ilə əvəz edilsin.
28. 20.3-cü maddədə «etdiyi» sözü «keçdiyi» sözü ilə əvəz edilsin.
29. 21.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

  • «təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə;».

30. 21.1.6-cı maddədə «başqa dövlət orqanında» sözləri «dövlət orqanlarında» sözləri ilə əvəz edilsin.
31. 21.3-cü maddədə «bu qanunun 25-ci maddəsində» sözləri «bu qanunda» sözləri ilə əvəz edilsin.
32. 21.5-ci maddə çıxarılsın.
33. 22.1-ci maddənin ikinci cümləsində və 22.7-ci maddənin birinci cümləsində «vəzifədə» sözü çıxarılsın.
34. 22.3-cü maddənin dördüncü və beşinci cümlələri çıxarılsın.
35. 22.4-cü maddədə «təhlükəli olan» sözləri «təhlükəli» sözü ilə əvəz edilsin.
36. Aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilsin:

«Maddə 22-1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi

22-1.1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət qulluqçusunun əlavə peşə təhsilini təşkil edir.
22-1.2. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi vaxtı onun qulluq stajına daxildir.
22-1.3. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi üçün aşağıdakılar əsasdır:
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.
22-1.4. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır.
22-1.6. Dövlət qulluqçusu əlavə peşə təhsili almaq üçün xarici ölkələrə ezam edilə bilər.
22-1.7. Dövlət qulluqçusunun əlavə peşə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.».
37. 25-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti

25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
25.2. Dövlət qulluqçusu bu qanunun 18-ci, 20-ci və ya 25.8-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
25.2.6. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
25.11. Dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.».
38. 27-ci maddənin adında və 27.1-ci maddədə «girmək» sözü «qəbul edilmək» sözləri ilə əvəz edilsin, 27.1-ci maddədə «malik olan» sözlərindən sonra «və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən» sözləri əlavə edilsin və həmin maddədə «dinə münasibətindən,» sözləri çıxarılsın, «milliyyətindən» sözündən sonra «dinindən,» sözü əlavə edilsin.
39. 27.2-ci maddədə «götürülə» sözü «qəbul edilə» sözləri ilə əvəz edilsin.
40. 27.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

  • «məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;».

41. Aşağıdakı məzmunda 27.2.4-cü maddə əlavə edilsin, 27.2.4-cü maddə 27.2.5-ci maddə hesab edilsin:

  • «barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;».

42. 27.3-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
«Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.».
43. 27.3-cü maddənin ikinci cümləsində «qanunvericiliklə» sözü «müvafiq icra hakimiyyəti orqanı tərəfindən» sözləri ilə əvəz edilsin.
44. 28.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
«İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı müsabiqə elan edir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında müraciət daxil olan gündən 20 iş günü müddətində müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə məlumatı təqdim etməlidir.».
45. 28.4-cü maddənin birinci cümləsində «10 gün» sözü «30 gün» sözü ilə, «söhbətdən» sözü «müsahibədən» sözü ilə əvəz edilsin.
46. 28.5-ci maddənin birinci cümləsində «söhbətə» sözü «müsahibəyə» sözü ilə əvəz edilsin.
47. 28.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
«Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».
48. Aşağıdakı məzmunda 28.7-ci, 28.8-ci və 28.9-cu maddələr əlavə edilsin, 28.7-ci maddə isə 28.10-cu maddə hesab edilsin:
«28.7. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu qanunun 28-ci maddəsinə müvafiq olaraq yenidən müsabiqədən müvəffəqiyyətlə keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə müvafiq olaraq yenidən müsabiqədən müvəffəqiyyətlə keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.8. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu qanunun 28.6-cı maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.
28.9. «2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xaricdə təhsil almış şəxslər müvafiq icra hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır və qanunvericiliyə uyğun olaraq, həmin orqan bu şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi üçün müvafiq dövlət orqanına təqdimat verir.».
49. 29.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
«Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.».
50. 29.3-cü maddədə «çalışan» sözü «qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan» sözləri ilə əvəz edilsin.
51. 29.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.».
52. 30.3-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
«İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.».
53. 30.3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
«Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.».
54. 30.5-ci maddədə «işlədiyi» sözü «qulluq keçdiyi» sözləri ilə, «başqa məsələlər» sözləri «digər məsələlər» sözləri ilə əvəz edilsin.
55. 31-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 31. Dövlət qulluqçusunun attestasiyası

31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu, bu qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
31.2. Attestasiya kollegial, obyektiv surətdə, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.
31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.
31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:
31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
31.4.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması;
31.4.3. dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.
31.5. Attestasiyanın keçirilməsinin müddətləri və cədvəli müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
31.6. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusunun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
31.7. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.
31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər üç komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.
31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.
Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya habelə əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.
31.10. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
31.11. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət qulluqçusu barəsində bu qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir.
31.12. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
31.12.1. tutduğu vəzifəyə uyğun gəlir;
31.12.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
31.12.3. tutduğu vəzifəyə uyğun gəlmir.
31.13. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
31.14. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
31.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.
31.16. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
31.17. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.
31.18. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, dövlət qulluqçusunun irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.
31.19. Bu qanunun 31.18-ci maddəsində nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
31.20. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir.
31.21. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır.».
56. 32.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Dövlət qulluqçusu bu qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.».
57. 32.2-ci maddədə «boşalmış» sözü «vakant» sözü ilə, «təkrar hazırlıq keçməyin və ixtisas artırmağın» sözləri «yenidənhazırlanma və ixtisasartırma keçməyin» sözləri ilə əvəz edilsin.
58. 32.3-cü maddə çıxarılsın.
59. 32.4-cü maddə çıxarılsın.
60. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 33. Dövlət qulluğuna xitam verilməsi

33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
33.1.2. dövlət orqanı ləğv edildikdə;
33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;
33.1.5. bu qanuna uyğun olaraq yaradılmış attestasiya komissiyası tərəfindən peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri səviyyəsinin kifayət dərəcədə olmadığına görə dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə verilmiş qiymət və tövsiyələr əsasında dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müvafiq qərar qəbul edildikdə;
33.1.6. Bu qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
33.1.7. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;
33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;
33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.
33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.».
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il
№ 624-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 oktyabr 2008-ci il, № 220). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2008-ci il, № 10 (136), maddə 881).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag