Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 504-IIIQD / 07.12.2007 (28.12.2007) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli, 420-IIIQD nömrəli Qanunu) 29-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

«Maddə 29. İnzibati vəzifələrin tutulması

29.1. İnzibati vəzifələrin birinci—beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2. Dövlət orqanlarında inzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.
29.3. Dövlət orqanlarında inzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.
29.4. Müsahibə barədə elan inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya həmin dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
29.5. Müsahibədə barəsində müsahibə keçirilən inzibati vəzifəyə uyğun gələn ixtisas dərəcəsinin təsnifatından ən çoxu iki təsnifat aşağı ixtisas dərəcəsinə malik şəxslər iştirak edə bilərlər.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın nəticələri;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın artırılması.
29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.».
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2007-ci il
№ 504-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2007-ci il, № 294). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2007-ci il, № 12 (126), maddə 1213).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag