Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 303 - IIIQD / 10.04.2007 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli, 246-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 2.3-cü maddəyə «həyata keçirilməsinə» sözlərindən sonra «, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə» sözləri əlavə edilsin.
2. Qanuna aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:

«Maddə 30-1. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi 

30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır.
30-1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.3.1. peşə bilikləri;
30-1.3.2. xidməti vəzifələrə münasibət;
30-1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.3.5. əmək intizamı;
30-1.3.6. iş təcrübəsi və onu bölüşmə;
30-1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.
30-1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti bu Qanunun 30-1.3-cü maddəsində göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.4.1. təhlil və proqnozlaşdırma;
30-1.4.2. idarəetmə;
30-1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
30-1.4.4. komanda qurmaq bacarığı.
30-1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.5.1. əla;
30-1.5.2. yaxşı;
30-1.5.3. kafi;
30-1.5.4. qeyri-kafi.
30-1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu sənəddə dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.
30-1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işinə əlavə edilir.».
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 303-IIIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir.  Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 may 2007-ci il, № 5, maddə 434).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag