Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 359-IIQD / 02.07.2002 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. Qanunun 2.3-cü və 2.4-cü maddələri aşağıdakı redaksiyada verilsin:
«2.3. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
2.4. Bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müəyyən edilmiş şəxslər özlərinə müşavir götürə bilərlər.»
2. Qanunun 8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

«Maddə 8. Dövlət orqanlarının təsnifatı 

8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünür:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət orqanları — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanlar, Azərbaycan Respublikası Milli Məclisinin Aparatı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı (1-ci kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət orqanı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı (2-ci kateqoriya dövlət orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları — Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı (3-cü kateqoriya dövlət orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla muəyyən edilən dövlət orqanları — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatı, Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Aparatı, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin Aparatı (4-cü kateqoriya dövlət orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddasində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatları (5-ci kateqoriya dövlət orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları — Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatları, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatları (6-cı kateqoriya dövlət orqanları);
8.1.7. əsas səlahiyyətləri Azərbayan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları — yerli icra hakimiyyəti orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri; əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən yerli dövlət orqanları — rayon (şəhər) məhkəmələrinin, hərbi məhkəmələrin və yerli iqtisad məhkəmələrinin aparatları (7-ci kateqoriya dövlət orqanları).
8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət orqanlarının bölmələri).
8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin muvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir».
3. Qanunun 10-cu maddəsinin adı və 10.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

«Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı 

10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür».
4. Qanunun 10.2-ci və 10.3-cü maddələri çıxarılsın.
5. Qanunun 10.5-ci və 10.6-cı maddələri aşağıdakı redaksiyada verilsin:
«10.5. İnzibati vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir, İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
10.6. Yardımçı vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən mütəxəssislərin (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.»
6. Qanunun 11-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

«Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı 

11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:
11.1.1. inzibati vəzifələrin birinci təsnifatı — 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və işlər müdirlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri;
11.1.2. inzibati vəzifələrin ikinci təsnifatı — Azərbaycan Respublikası Prezidentinin müşaviri (köməkçisi) vəzifəsi, 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.3. inzibati vəzifələrin üçüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 1-ci kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.4. inzibati vəzifələrin dördüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanı — Bakı şəhər icra hakimiyyəti başçısının müavinlərinin vəzifələri;
11.1.5. inzibati vəzifələrin beşinci təsnifatı — 2-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 4-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 5-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya — yerli icra hakimiyyəti orqanları başçıları müavinlərinin vəzifələri;
11.1.6. inzibati vəzifələrin altıncı təsnifatı — 3-cü, 4-cü və 5-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin yeddinci təsnifatı — 6-cı kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin vəzifələri;
11.1.8. inzibati vəzifələrin səkkizinci təsnifatı — 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri rəhbərləri müavinlərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri;
11.1.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı — 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələrinin vəzifələri, rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri aparatlarının mütəxəssislərinin vəzifələri.
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatı vardır:
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı — 1-ci və 2-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı — 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı — 3-cü və 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı — 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.5. yardımçı vəzifələrin beşinci təsnifatı — 5-ci və 6-cı kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.6. yardımçı vəzifələrin altıncı təsnifatı — 6-cı və 7-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən, həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik fasiləsiz əmək stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik fasiləsiz əmək stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin ardınca gələn inzibati vəzifə təsnifatına uyğun ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik fasiləsiz əmək stajı, müvafiq vəzifədə isə azı beş illik fasiləsiz əmək stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.»
7. Qanunun 12-ci və 13-cü maddələri aşağıdakı redaksiyada verilsin:

«Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu 

12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri 

13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır. Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.»
8. Qanunun 14-cü maddəsində:

  • 14.2-ci maddədən «siyasi və ya» sözləri çıxarılsın;
  • 14.3-cü maddə çıxarılsın.

9. Qanunun 16-cı maddəsində:
16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
«16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.2.1. inzibati vəzifələrin birinci təsnifatı üzrə — həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri;
16.2.2. inzibati vəzifələrin ikinci təsnifatı üzrə — 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə — 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri;
16.2.5. inzibati vəzifələrin beşinci təsnifatı üzrə —- dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri;
16.2.6. inzibati vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə — 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin səkkizinci təsnifatı üzrə — 2-ci dərəcə dövlət qulluqçusu, 3-cu dərəcə dövlət qulluqçusu;
16.2.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə — 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu.»;

  • aşağıdakı məzmunda 16.3-cü maddə əlavə edilsin:

«16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: 
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə — dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə — dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət quluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;
16.3.5. yardımçı vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun 3-cü dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;
16.3.6. yardımçı vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik referenti.»
10. Qanunun 17-ci maddəsində:

  • 17.1-ci və 17.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

«17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq surətdə dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
17.2. Bu Qanunun 16-cı maddəsində müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
17.2.1. dördüncü — altıncı təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 3 il təşkil etməlidir;
17.2.2. yeddinci — doqquzuncu təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
17.2.3. Bu Qanunun 16-cı maddəsində müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

  • birinci — üçüncü təsnifat vəzifələri üçün — həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir.»;
  • 17.3-cü maddədə «dövlət qulluğu» sözləri «dövlət qulluğunun baş» sözləri ilə əvəz edilsin;
  • 17.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

«17.4. İxtisas dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.»;

  • 17.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

«17.6. Bu Qanunun 25.2.6-cı və 33.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır».
11. Qanunun 22-ci maddəsində:

  • 22.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«22.3. İnzibati vəzifələrin 9-cu təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. Hər sonrakı dərəcənin vəzifə maaşı əvvəlkindən qanunvericiliklə müəyyən edilmiş faiz miqdarında yuxarı olmalıdır. Hər kəs dövlət qulluğu vəzifəsinə təyin edilərkən onun vəzifə maaşının müəyyən edilməsi haqqında qərar qəbul olunur.»;

  • 22.6-cı maddədə «qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin;
  • 2.7-ci maddədə:
  • ikinci cümlədə «məbləğini qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı müəyyən edir» sözləri «məbləği qanunvericiliklə müəyyən edilir» sözləri ilə əvəz edilsin;
  • üçüncü cümlə çıxarılsın.

12. Qanunun 23-cü maddəsində:

  • 23.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.»;

  • 23.5-ci maddədə «qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin.

13. Qanunun 25-ci maddəsində:

  • 25.4-cü maddənin üçüncü cümləsində «qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən» sözləri «qanunvericiliyi ilə» sözləri ilə əvəz edilsin.
  • 25.7-ci maddə çıxarılsın.

14. Qanunun 28-ci maddəsində:

  • 28.2-ci maddədə «onuncu — on dördüncü» sözləri «altıncı — doqquzuncu» sözləri ilə əvəz edilsin;
  • 28.4-cü maddənin ikinci cümləsində və 28.5-ci maddənin ikinci cümləsində «qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən» sözləri «qanunvericiliyi ilə» sözləri ilə əvəz edilsin;
  • 28.6-cı maddənin altıncı cümləsində «müvafiq qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanının müəyyən etdiyi» sözləri «qanunvericiliyi ilə müəyyən edilən» sözləri ilə, həmin maddənin səkkizinci cümləsində «müvafiq qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanları tərəfindən» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin.

15. Qanunun 29.4-cü maddəsində:

  • üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

«Dövlət orqanının rəhbəri dövlət qulluğunu idarəetmə orqanının tövsiyəsi ilə razılaşmadıqda, yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən müəyyən edilmiş qaydada aradan qaldırılır (tövsiyə qüvvədə saxlanılır və namizədlərdən biri təyin olunur və ya tövsiyə rədd edilir).»
16. Qanundan 33.1.1-ci maddə çıxarılsın.
17. Qanunun 33.1.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
«33.1.2. inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun könüllü olaraq işdən çıxması;»
18. Qanundan 33.2-ci maddə çıxarılsın.
19. Qanunun 33.3-cü və 33.4-cü maddələri aşağıdakı redaksiyada verilsin:
«33.3. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda, ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.4. Dövlət qulluqçusu könüllü işdən çıxdıqda, əgər dövlət orqanının rəhbərliyinin qərarı olarsa, könüllü işdən çıxmaq haqqında ərizəni verdikdən sonra üç ay ərzində dövlət qulluğunu davam etdirməlidir».
20. Qanunun 33.5.3-cü maddəsində «kənarda» sözündən sonra «bu Qanunla qadağan olunmuş» sözləri əlavə edilsin.
21. Qanunun 34-cü maddəsində «Bu Qanunda» sözlərindən sonra «və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında» sözləri əlavə edilsin.

II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 359-IIQD

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 693).

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag