Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Təlim tələbatlarının öyrənilməsi” mövzusunda təlim keçirilmişdir
26-01-2015


“Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” Layihəsi çərçivəsində Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən “Dövlət qulluqçularının təlim tələbatlarının öyrənilməsi” mövzusunda təlim keçirilmişdir.

22-23 yanvar 2015-ci il tarixdə keçirilən iki günlük təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Nəqliyyat Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşları iştirak etmişdir. Ümumilikdə 15 əməkdaşın qatıldığı təlim Almaniyadan dəvət edilmiş beynəlxalq mütəxəssis və yerli ekspert tərəfindən aparılmışdır.
Təlimdə iştirakçılara Layihə çərçivəsində hazırlanan və gələcəkdə Azərbaycan Respublikasının dövlət orqanlarında tətbiq edilməsi nəzərdə tutulan təlim tələbatlarının öyrənilməsi metodologiyası barədə məlumat verilmiş və metodologiya ilə nəzərdə tutulan təlim tələbatlarının öyrənilməsinin müxtəlif alətlərindən istifadə üzrə paraktiki təlim keçirilmişdir. Təlimdə iştirak edən dövlət qulluqçularının əldə etdikləri bilik və praktiki bacarıqlardan istifadə edərək qulluq keçdikləri dövlət orqanlarında əməkdaşların təlim tələbatlarını qiymətləndirməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində hazırlanan təlim tələbatlarının öyrənilməsi metodologiyasının tamamlanmasından sonra digər dövlət orqanlarının əməkdaşlarının da bu mövzuda təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” Layihəsi Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag