Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Saytımız informasiya açıqlığına görə ikincidir
26-10-2016


25 oktyabr 2016-cı il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının onlayn şəffaflığı: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz Mərkəz tərəfindən 2016-cı ilin ilk yarısı ərzində 70 dövlət orqanının (68 yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resursları ayrı qiymətləndirilib) rəsmi internet resurslarının monitorinqinin aparıldığını qeyd edərək, rəsmi saytların 60 parametr üzrə informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirmişdir.

Bu parametrlər aşağıdakı 13 blok üzrə sistemləşdirilmişdir:

  1. Dövlət qurumu ilə bağlı informasiya.
  2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar.
  3. Dövlət qurumunun strukturu.
  4. Rəhbər və rəhbər işçilər. Əks əlaqə.
  5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası.
  7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya.
  8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi.
  9. Sahə işçilərinin əmək haqları.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları).
  11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar.
  12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti.
  13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar.

Dəyirmi Masada Mərkəz tərəfindən hazırlanan "İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları" ilə bağlı Hesabat və “İnformasiya açıqlığı üzrə Reytinq Cədvəli” təqdim edilmişdir. Hesabatda dövlət orqanlarının və yerli icra hakimiyyətinin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapmışdır. Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 78.5%-lə ikinci olmuşudur. Vergilər Nazirliyi 79.1%-lə birinci, Dövlət Neft Fondu 78.2 %-lə üçüncü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 77.4%-lə dördüncü və Hesablama Palatası 76.5%-lə beşinci olmuşdur.

Qeyd edilmişdir ki, mərkəzi icra hakimiyyəti orqanlarında informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli müsbət irəliləyişlər olmuşdur.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag