Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Etik məsələlərə dair təlimçilər üçün təlim” keçirilmişdir
07-12-2015


“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.1-ci bəndində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və Komissiyanın üzərinə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi öhdəliyi qoyulmuşdur.

Bu məqsədlə Komissiya tərəfindən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 2015-ci il 3-4 dekabr tarixlərində dövlət orqanlarında etik məsələlərə məsul olan əməkdaşlar üçün “Etik məsələlərə dair təlimçilər üçün təlim” keçirilmişdir. Təlim “Təlim kontekstinin və ictimai etika ilə bağlı gələcək tələblərin icmalı”, “Aktual etika təliminin nəticələri ilə bağlı qrup müzakirələri və rəylər”, “İstifadə ediləcək etika təlimi metodlarının seçilməsi və adaptasiyası”, “Mühazirəyə necə hazırlaşmalı”, “İnteraktiv metodları necə və nə zaman istifadə etməli”, “Təlimçinin texniki cəhətdən hazırlığı və alətlərə baxış”, “Dövlət qulluğunda etik dilemmalar”, “Təlim nəticəsinin qiymətləndirilməsi alətləri” və s. məsələləri əhatə etmişdir. Təlim Avropa Şurasının eksperti tərəfindən aparılmışdır.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qulluq keçən 15 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag