Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşları Latviya və Litvada təlim səfərində olmuşlar
31-07-2015


2015-ci il 27-31 iyul tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları dövlət idarəedilməsi, dövlət qulluğu sahəsində təlim və inkişaf üzrə Latviya və Litva təcrübəsinin və onların Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi məqsədi ilə bu ölkələrdə təlim səfərində olmuşlar.

Təlim səfəri Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında imzalanmış Hərtərəfli İnstitusional Quruculuq Proqramının 3-cü İnstitusional İslahat Planının icrası məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilmişdir.

Təlimlər Latviya Dövlət İdarəçilik Məktəbinin, Latviyanın İqtisadiyyat və Mədəniyyət Universitetinin, Latviya Respublikasının Dövlət Katibliyinin, Litva İdarəçilik İnstitutunun və Litvanın Dövlət Qulluğu Departamentinin əməkdaşları tərəfindən keçirilmişdir.

Təlimin birinci günü Latviyanın paytaxtı Riqa şəhərində yerləşən Latviya Dövlət İdarəçilik Məktəbində Məktəbin direktoru xanım Edite Kalnina “Latviya Dövlət İdarəçilik Məktəbinin fəaliyyəti” mövzusunda, Məktəbin digər əməkdaşları isə “Latviya Dövlət İdarəçilik Məktəbinin fəaliyyəti” və “Latviya dövlət administrasiyasında Avropa İttifaqı barədə təlimlər” mövzularında təqdimatlarla çıxış etmişlər.

İyulun 28-də təlim Latviya Dövlət İdarəçilik Məktəbində davam etmişdir. İqtisadiyyat və Mədəniyyət Universitetinin rektoru, 2000-2011-ci illərdə Latviya Respublikasının Dövlət Katibliyinin katibi işləmiş xanım Gunta Veismane “Dövlət İdarəçilik Məktəbinin təsis edilməsi və 2000-ci ilə kimi tarixi”, “Siyasətin koordinasiya edilməsi – dövlət idarəetməsində islahatın əsas çağırışı” və “Latviyada yaxşı idarəçilik prinsipləri – dövlət idarəetməsində struktur dəyişiklikləri” mövzularında təqdimatla çıxış edərək təlim iştirakçılarını Latviyanın dövlət qulluğu sistemində aparılan islahatlarla tanış etmişdir.

Sonra təlim iştirakçıları Latviya Respublikasının Dövlət Katibliyinə gəlmişlər. Burada onlar üçün “Dövlət idarəetməsində insan resurslarının inkişaf etdirilməsi siyasəti” mövzusunda təqdimat olmuşdur.

İyulun 29-u və 30-da Litvanın paytaxtı Vilnüsdə Litva İdarəçilik İnstitutunun ofisində İnstitutun və Litvanın Dövlət Qulluğu Departamentinin nümayəndələrinin “İnstitutla tanışlıq: səlahiyyət və fəaliyyətə dair ümumi məlumat”, “İnstitutda təlim tələblərinin qiymətləndirilməsi metodologiyası”, “İnstitutda təlimlərin keyfiyyətinin qiymətəndirilməsi alətləri və təlimçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi”, “Təlimlərin təlimdə iştirak edənlərin iş keyfiyyətinə təsirinin qiymətləndirilməsi”, “Avropa İttifaqına daxil olmamışdan öncə İnstitutun təlim təcrübəsi”, “Litvanın dövlət qulluğu sisteminə ümumi baxış” və “Litvada dövlət qulluqçularının inkişafının və təlimə cəlb edilməsinin qanunvericilik əsaslarına baxış” mövzularında çıxışları dinlənilmişdir.

Təlim səfərinin əhatə etdiyi bütün mövzular üzrə Latviya, Litva və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış və dövlət qulluqçularının təlimə cəlb edilməsi və təlimlərin qiymətləndirilməsi sahəsində müasir standartların tətbiqi yolları müzakirə olunmuşdur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag