Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin
2009-cu il 1 oktyabr  tarixli 250 nömrəli əmri ilə
təsdiq edilmişdir

 

Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı
keçirilən test imtahanları üçün test nümunələrinin
hazırlanması və ekspertizası
QAYDALARI

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci bəndinə əsasən hazırlanmışdır və  dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin (tapşırıqlarının) hazırlanması və ekspertizası qaydalarını müəyyən edir.

2. Test imtahanı namizədlər tərəfindən test tapşırıqlarının yerinə yetirməsini nəzərdə tutur. Test imtahanında namizədlərə 100 test tapşırığı (bundan sonra - imtahan testi) təqdim olunur.
2.1. İmtahan testi aşağıdakı test bloklarından ibarətdir:
2.1.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;
2.1.2. qanunvericilik üzrə biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;
2.1.3. informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;
2.1.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün test tapşırıqlarından ibarət test bloku;
2.2. zərurət olduqda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən imtahan testinin müəyyən hissəsi peşə-ixtisas üzrə bilikləri yoxlayan test tapşırıqları ilə əvəz edilə bilər.

3. Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulmuş test bloklarına uyğun olaraq müvafiq sahələr üzrə test tapşırıqları hazırlanır və ekspertizadan keçirilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Komissiya tərəfindən təşkil edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizası Komissiyanın, digər dövlət orqanlarının, müvafiq təhsil müəssisələrinin və mərkəzlərinin xüsusi biliklərə malik olan əməkdaşları və ya müstəqil mütəxəssislər cəlb edilməklə həyata keçirilir.
Test tapşırıqlarının hazırlanmasına cəlb edilmiş şəxslər müəllif, test tapşırıqlarının ekspertizasına cəlb edilmiş şəxslər isə ekspert adlanır.

4. Test tapşırıqlarının hazırlanması  aşağıdakı qaydada həyata keçirilir:
4.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında test tapşırıqları dünyanın və Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri haqqında ümumi bilikləri müəyyən etmək üçün hazırlanır.
4.2. qanunvericilik üzrə test tapşırıqları dövlət qulluğu və dövlət qulluqçusunun qulluq funksiyaları ilə bağlı normativ hüquqi aktlar (Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktlar) üzrə bilikləri müəyyən etmək üçün hazırlanır.
4.3. informasiya texnologiyaları üzrə test tapşırıqları informasiya texnologiyaları sahəsində minimal bilikləri müəyyən etmək üçün hazırlanır.
4.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə test tapşırıqları namizədin intellektual səviyyəsinin, zehni inkişafının, analiz və sintez etmə qabiliyyətinin, ümumiləşdirmə, müqayisəetmə, dərketmə bacarığının və təfəkkürlə bağlı digər qabiliyyətlərinin müəyyən edilməsi üçün hazırlanır.
4.5. peşə-ixtisas üzrə test tapşırıqları müvafiq dövlət orqanlarının fəaliyyət istiqamətləri üzrə peşə-ixtisas biliklərinin minimal səviyyəsini müəyyən etmək üçün hazırlanır.

5. Test tapşırıqlarının hazırlanması üçün ümumiləşdirilmiş proqram tərtib edilir. Proqramda test tapşırıqlarının hazırlanmasında istifadə ediləcək mövzular və müvafiq ədəbiyyat siyahısı (normativ hüquqi aktlar, dərsliklər, dərs vəsaitləri və digər mənbələr) göstərilir.

6. Hazırlanan hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir:
6.1. test tapşırığı şərtdən və cavablardan ibarət olmalıdır;
6.2. hər bir test tapşırığına dörd cavab hazırlanmalı və bunlardan biri düzgün, üçü isə səhv olmalıdır. Məntiqi düşünmə qabiliyyətini yoxlayan test tapşırıqları üçün beş cavab hazırlanmalı, onlardan biri düzgün, dördü isə səhv olmalıdır;
6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır;
6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəb olmalıdır;
6.5. test tapşırığının şərti və cavabları qısa, dəqiq, aydın və birmənalı olmalıdır;
6.6. düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır.

7. Hazırlanan test tapşırıqları ekspertizadan keçirilir. Test tapşırıqlarının ekspertizası üçün cəlb edilmiş ekspertlər aşağıdakı tələblərə əməl etməlidirlər:
7.1. Komissiya tərəfindən qadağan edilmiş vasitələrlə ekspertiza zalına daxil olmamalı;
7.2. ekspertizanın keçirildiyi müddətdə ekspertizanın keçirilməsi üzrə məsul şəxslər istisna olmaqla digər şəxslərlə əlaqə saxlamamalı;
7.3. ekspertizanın keçirilməsi üzrə məsul şəxslərin razılığı olmadan ekspertiza zalını tərk etməməli;
7.4. ekspertiza edilən test tapşırıqlarını ekspertiza zalından kənara çıxarmamalı və onların yayılmasına yol verməməli;
7.5. ekspertiza keçirilməsi üzrə məsul şəxslərin göstərişlərinə tabe olmalı.

8. Ekspertizadan keçirilmiş test tapşırıqları müvafiq sahələr üzrə test bankına daxil edilir. Hər bir sahə üzrə test bankında toplanan test tapşırıqlarının ümumi sayı imtahan testinin müvafiq test blokunda olan test tapşırıqlarının sayından ən azı 20 dəfə çox olmalıdır.

9. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.

10. Yeni test tapşırıqları mütəmadi olaraq bu Qaydalara uyğun olaraq  test bankına əlavə edilir. Test bankında toplanmış test tapşırıqları təkmilləşdirilmə məqsədilə və qanunvericilikdə olan dəyişikliklər nəzərə alınmaqla yenidən ekspertizadan keçirilir.

11. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi üçün müəlliflərin və ekspertlərin əməyinin ödənilməsi qaydası Komissiya tərəfindən müəyyən edilir.

12. Test tapşırıqlarının hazırlanması, ekspertizasının keçirilməsi və test bankının saxlanılması ilə əlaqədar məxfilik rejimi Komissiya, habelə müəlliflər, ekspertlər və bu prosesdə iştirak edən digər şəxslər  tərəfindən təmin edilir.