AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI

“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə bağlı qərara alıram:

1. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 581; 2003-cü il, № 8, maddə 441; 2007-ci il, № 8, maddə 768, № 9, maddə 873; 2008-ci il, № 5, maddə 363) qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmanla təsdiq edilən “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 4-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il
№ 108


Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 24 iyun tarixli
108 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.

 

Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul
QAYDALARI

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.
2. Digər qanunvericilik aktları ilə tənzimlənən hallar istisna olmaqla, bu Qaydalar dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul, o cümlədən müsabiqənin elan edilməsi, keçirilməsi və onun yekunlarına dair müvafiq qərar qəbul edilməsi məsələlərini tənzimləyir.
3. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) müsabiqə elan edir. Elan Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Elanda vakant vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.
İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir və həmin vəzifələri tutan dövlət qulluqçularının vəzifə təlimatları müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən bu şərtlərə uyğun olaraq hazırlanır.
5. Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar (bundan sonra - namizədlər) müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim edirlər:
5.1. ərizə;
5.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;
5.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
5.4. ali təhsil haqqında sənədin surəti;
5.5. əmək kitabçasının surəti (olduğu halda);
5.6. ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu halda);
5.7. sağlamlıq haqqında arayış;
5.8. dövlət qulluqçularının bəzi kateqoriyaları üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.
Sənədlərin surətləri müəyyən edilmiş qaydada təsdiq edilir.
6. Namizədlərin sənədlərinin qəbulu aşağıdakı qaydada keçirilir:
6.1. sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir;
6.2. Komissiya sənədlərin tamlığını, onların qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır;
6.3. təqdim olunmuş sənədlər yoxlanılarkən onlar natamam olduqda və ya bu Qaydalara uyğun olmadıqda, habelə sənədlərdə uyğunsuzluq aşkarlandıqda, həmin sənədlər 5 iş günü müddətində namizədlərə qaytarılır və qeyd olunan hallar aradan qaldırıldıqdan sonra müəyyən olunmuş müddət çərçivəsində qəbul edilir.
Namizədlərin sənədləri qəbul edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada onların dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.
Dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılır.
Namizəd müsabiqədən kənarlaşdırıldıqda, ona Komissiya tərəfindən 5 iş günü müddətində müsabiqədən kənarlaşdırılmasının səbəbləri izah olunan rəsmi cavab verilir.
7. Müsabiqə test imtahanından və müsahibədən ibarət olur.
8. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları və keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla Komissiya tərəfindən müəyyən edilir.
Test imtahanının müəyyən edilmiş qaydada keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər qurumlar cəlb edilə bilər. Bu halda həmin qurumlar test imtahanının keçirilməsi üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri görməlidir.
9. Test imtahanının nəticələri haqqında məlumat Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Namizədin tələbi əsasında ona 2 gün müddətində test imtahanında topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.
10. Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər müsahibəyə buraxılırlar.
11. Müsahibənin keçirilməsi üçün Komissiya tərəfindən müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasına müvafiq dövlət orqanlarının və Komissiyanın nümayəndələri daxil olur. Onun tərkibinə habelə müvafiq sahələr üzrə alim və mütəxəssislər də cəlb edilə bilər. Müsahibə komissiyasının reqlamenti, müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları və keçid balları Komissiya tərəfindən müəyyən edilir.
Komissiya müsahibənin keçirildiyi yer və vaxt barədə 5 gün əvvəlcədən namizədlərə məlumat verir. Müsahibəyə buraxılan namizədlərin siyahısı müsahibəni aparan müsahibə komissiyasının rəhbərinə hər dəfə müsahibə keçirilən gün müsahibə başlanmazdan əvvəl verilir.
Müsahibə başlanarkən müsahibə komissiyasının rəhbəri tərəfindən namizədlərin siyahısı elan edilir və müsahibə komissiyasının üzvlərindən etirazları olub-olmaması soruşulur. Yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, müsahibə komissiyasının üzvü özünə etiraz verir. Namizəd əsaslar olduqda, müsahibə komissiyasının hər hansı bir üzvünə etiraz edə bilər. Belə etiraz müsahibə başlanmazdan əvvəl olmalıdır.
Hər bir namizədlə müsahibə fərdi qaydada ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir.
12. Müsahibənin nəticələri haqqında məlumat Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Namizədin tələbi əsasında ona 2 gün müddətində müsahibənin nəticəsi üzrə topladığı bal haqqında Komissiya tərəfindən təsdiq edilmiş formada arayış verilir.
13. Test imtahanından və müsahibədən müvəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər.
14. Komissiyanın rəhbəri ona təqdim edilən test imtahanının və müsahibənin keçirilməsi barədə arayışa əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir.
Elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir.
Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş şəxslər iki il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə Komissiya tərəfindən müəyyən edilmiş qaydada təqdim olunurlar.
Müəyyən olunmuş iki il bitdikdən sonra onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.
15. Komissiya müsabiqənin yekununa dair müvafiq qərar qəbul edildiyi gündən iki il müddətində test imtahanının və müsahibənin keçirilməsi ilə bağlı sənədlərin, o cümlədən namizədlərin cavab kartlarının saxlanılmasını təmin edir.
16. Test imtahanının və ya müsahibənin nəticələri ilə razı olmayan namizəd həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən 10 iş günü müddətində Komissiya tərəfindən təşkil edilmiş apellyasiya komissiyasına şikayət verə bilər. Apellyasiya komissiyası şikayətçinin cavab kartını, müvafiq arayışı və digər materialları ərizəçinin iştirakı ilə müqayisə edib araşdırır. Şikayətin baxılması nəticələrinə dair müvafiq qərar çıxarılır. Namizəd bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
17. Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün xərclər dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində maliyyələşdirilir.